ISSN 2310-5399 (Print) ISSN 2957-7233 (Online)
JURNAL HAQQINDA

«İncəsənət və mədəniyyət problemləri» jurnalının tarixi

Jurnalın yaranma tarixi otuz il əvvələ – Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda gənc alim və aspirantların ilk konfransının keçirildiyi vaxta təsadüf edir. Konfransın nəticələri əsasında nəşr edilən məqalələr toplusunda, akademik Əbdülvahab Salamzadənin ön sözdə qeyd etdiyi kimi, «Azərbaycan incəsənət tarixinin bütün sahələri: memarlıq, təsviri sənət, dekorativ-tətbiqi sənət, musiqi və teatr» əhatə olunurdu. «Azərbaycan memarlığı və incəsənətinin aktual inkişaf aktual problemləri» adlanan və 22 məqalədən ibarət olan bu toplu 1160 nüsxədə çap edilmişdi. Toplunun məsul katibi Arif Əliyev idi.

İki ildən sonra, 1981-ci ildə «Sovet Azərbacyanı memarlığı və incəsənətinin inkişaf problemləri» adlı növbəti toplu işıq üzü gördü. İnstitutun 27 gənc alim və aspirantlarının əsərlərini özCəmi 60 nüsxədə çap edilən və 54 səhifədən ibarət olan bu kiçik kitabça özündə 49 müəllifin məruzəsinin tezislərini toplamışdı. Burada ilk dəfə olaraq materiallar dörd bölməyə – musiqi və musiqi folkloru; təsviri və dekorativ sənətlər; teatr və nəhayət, mədəniyyət və incəsənət nəzəriyyəsi – bölmələrinə ayrılaraq təqdim edilirdi. Ümumi halda həmin struktur üstündən on beş il keçməsinə baxmayaraq bu gün də qalmaqdadır. Ən başlıcası isə məhz həmin saydan etibarən toplu indiki adı ilə – «İncəsənət və mədəniyyət problemləri» adlanmağa və illik nəşr olunmağa başladı. Bir neçə il ərzində toplunun məsul katibi, o vaxtlar «Estetika» şöbəsinin elmi işçisi işləyən Ərtəgin Salamzadə oldu.

Ümumiyyətlə, jurnalın tarixi ilə «Estetika və informasiya mədəniyyəti» şöbəsinin tarixi bir-biri il sıx bağlıdır. Jurnalın dörd məsul katibindən üçü bu şöbənin əməkdaşı olub. Səkkiz ilə ərzində həmin vəzifəni Gülnarə Quliyeva daşıyıb. Şöbənin içində doğulan bir çox elmi ideyalar, necə deyərlər, jurnalın səhifələrində sınaqdan çıxarılıb. Jurnalın təşəkkülü və inkişafına şöbənin necə kömək etməsi, yeni istiqamət olan – informasiya mədəniyyəti problemini jurnalın necə dəstəklənməsi isə ayrıca söhbətin mövzusudur. Yəqin nə vaxtsa bu mövzuya xüsusi məqalə həsr etməyin də zamanı çatacaq.

Hələlik isə yubiliyar-məcmuənin həm daxili, həm də zahiri formadəyişmə ardıcıllığına qayıdaq. 1995-ci ildən toplu yubiley və tematik buraxılışlar hazırlamağa başlayır. Həmin ilki buraxılış milli memarlığın və memarlıq elminin patriarxı, Bakı şəhərində tikilmiş müasir binaların az qala yarısının müəllifi, bir neçə onillik ərzində Azərbaycan Memarlar İttifaqına rəhbərlik etmiş, qırx il – Memarlıq və İncəsənət İnstitutunun direktoru işləmiş akademik Mikayıl Hüseynovun 90 illik yubileyinə həsr edir. Növbəti, 1996-cı il milli memarlıq və sənətşünaslıq elminin banilərindən biri, akademik Əbdülvahab Salamzadənin 80 illik yubileyi qeyd olunur. 2001-ci ildə nəşrin buraxılışı bütün ömrünü miniatür sənətinin tədqiqi ilə bağlamış, Azərbaycan MEA-nın müxbir üzvü Kərim Kərimovun 80 illiyinə həsr edilir. Nəhayət, 2005-ci ildə «Mədəniyyət və incəsənət problemləri» illik jurnalı bu dəfə artıq akademik M.Hüseynovun 100 illik yubileyini qeyd edir.

Yubiley buraxılışlarının mövzu və strukturunu təhlil edərək deyə bilərik ki, burada da jurnal yüksəlmə xətti ilə irəliləmişdir. Üç yubiley buraxılışının nümunəsində sınaqdan çıxarılmış modelə uyğun olaraq birinci bölmə yubilyarın elmi fəaliyyətinə həsr olunur, sonrakı bölmələrə isə həmişə olduğu kimi, incəsənətin müxtəlif problemləri üzrə məqalələr daxil edilirdi. Jurnalın 2005-ci il tarixli buraxılışı bu mənada istisna təşkil edirdi. Həmin buraxılış bütövlükdə akademik M.Hüseynov yaradıcılığının müxtəlif səhifələrini əhatə edən əsərlərdən ibarət indi ki, bunu da milli elmimizin patriarxının nəhəng elmi-irsinin tədqiqində yeni addım saymaq olar.

Yubiley və tematik buraxılışlar mövzusuna yekun vurarkən jurnalın 2006-cı ildə işıq üzü görmüş 18-ci sayı üzərində xüsusi dayanmaq lazımdır. Jurnalın bu sayı Azərbaycanda keçirilən Rusiya ilinin vaxtına düşmüş və Rusiya mədəniyyətində anoloji hadisəni qabaqlamışdı. Jurnalda xüsusi bölmə hazırlanmışdı ki, burada da Azərbaycan və Rusiya sənətşünaslıq məktəblərinin qarşılıqlı əlaqəsi işıqlandırılır, iki ölkənin qarşılıqlı münasibətlərinin kulturoloji aspektləri araşdırılır, rusiyalı memarları, Azərbaycanda şəhərsalmanın inkişafında rolu təhlil edilir, respublikamızda görkəmli bəstəkar Dmitri Şestakoviçin 100 illiyinə həsr edilən birinci festivalın keçirilməsi haqqında düşüncələr və s. öz əksini tapırdı.

2007-ci il jurnal üçün növbəti ciddi yeniləşmə ili oldu. Həmin ildən bu günədək jurnal indiki formatında, 200 nüsxədə, öz dizaynı və loqosunu saxlayaraq çıxır. Bu ildən etibarən jurnalın dövriliyində də kəmiyyət dəyişikliyi baş verir və o rüblük nəşrə çevrilir. Ən ciddi yenilik isə jurnalın statusu ilə bağlıdır. Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə jurnal təklif olunan nəşrlər siyahısına daxil edilir. Bu gün məcmuə, məqalələr üçün rəylərin mütləq alınması da daxil olmaqla AAK-ın bütün formal tələblərinə cavab verir.

Jurnalda dərc olunan müəlliflərin coğrafiyası saydan-saya genişlənir. Məcmuənin səhifələrində əcnəbi alimlərin imzaları görünməyə başlayır ki, onların da sırasından professor Vladimir Petrovun (Rusiya), professor İvan Santonun (Macarıstan), professor Georgi Poçerçovun (Ukrayna), sənətşünaslıq doktoru Rauf Fərhadovun (Rusiya), fəlsəfə doktoru Meysera Kayanın (Türkiyə) adlarını xüsusi qeyd etmək istərdik. Bundan əlavə, son üç il ərzində jurnalda Türkiyə, Misir və İran vətəndaşı olan doktorant, aspirant və magistrların da məqalələri dərc olunur.

Jurnalın məzmun baxımından təbii keyfiyyət dəyişikliyi prosesi professor Vladimir Petrovun (Rusiya), professor Gülnarə Abdrasulovanın (Qazaxıstan, baş redaktorun müavini), professor Kamola Akilovanın (Özbəkistan) və professor Oguz Ceylanın (Türkiyə) daxil olduğu beynəlxalq redaksiya heyətinin yaradılması aktında bir daha özünün məntiqi davamını tapdı. Azərbaycanı həmin redaksiya heyətində əvvəlki kimi baş redaktor, professor Ərtəgin Salamzadə, Azərbaycan MEA-nın müxbir üzvləri Şamil Fətullayev, İnqilab Kərimov, Zemfira Səfərova, Rəna Məmmədova, professorlar Rəna Abdullayeva, Sevil Fərhadova təmsil edir. Jurnalın məsul katibi vəzifəsini bu günədək sənətşünaslıq doktoru Səltənət Tağıyeva yerinə yetirir.

Jurnalın keçdiyi yola nəzər salsaq deyə bilərik ki, bu məcmuə cari elmi informasiyanın sadəcə və yalnız carçısı olaraq qalmayıb. O milli sənətşünaslıq və kulturologiyanın bir sıra elmi istiqamətlərinə həyat vəsiqəsi verib. Əvvəllər tədqiq edilməmiş dizayn və heraldika, musiqi türkologiyası, müqayisəli sənətşünaslıq, informasiya kulturologiyası kimi elmi istiqamətlərə həsr olunmuş məqalələr ilk dəfə məhz bu jurnalın səhifələrində işıq üzü görüb. Zaman keçdikcə bu və bir sıra başqa istiqamətlər jurnalın bölmələrinin adına çevrilib. Beləcə, Jurnalın «İnformasiya mədəniyyəti problemləri», «Mədəniyyət və incəsənət nəzəriyyəsi», «Sənətşünaslığın metodologiyası», «Mədəni siyasət», «Müasir memarlıq və dizaynda forma problemləri», «Mədəniyyət və incəsənətin qarşılıqlı əlaqələri» və s. bölmələri meydana gəlib.

Bu gün yəqin ki, yeni yaranan beynəlxalq nəşr kimi jurnalın gələcək konsepsiyası haqqında danışmaq yerinə düşər. Güman ki, türkoloji sənətşünaslıq və türk mədəniyyətinin inkişafının informasiya aspektləri, həmçinin Avroasiya xalqlarının mədəniyyəti problemləri redaksiyanın qovluğunda öncül istiqamətləri təşkil edəcək. Lakin bu, heç də o demək deyil ki, Azərbaycan incəsənətinin tarixi və nəzəri problemləri arxa plana keçəcək. XXI əsrin əvvəllərində qlobal dünya şəraitində biz, Ə.Salamzadənin sözləri ilə desək «türkdilli xalqların qohum olan mədəniyyətləri ilə deyil, vahid türk mədəniyyəti ilə yaşayırıq. Başqa sözlə, Azərbaycan mədəniyyətini tədqiq edərkən biz türk mədəniyyətini və əksinə, türk mədəniyyətini araşdırarkən Azərbaycan mədəniyyətini öyrənir, ona dərindən nüfuz edir, onu bütöv şəkildə başa düşür və izah edirik» (Salamzadə Ə.Ə. İncəsənət və sənətşünaslıq (rus dilində), Bakı, 2009, s.7-8).

Sonda bir neçə kəlmə də jurnalın həyatında baş verən ən təzə yeniliklərdən danışmaq istərdik. Qeyd edək ki, bu günlərdə «İncəsənət və mədəniyyət problemləri» beynəlxalq elmi jurnalının WEB-saytı yaradılıb. Üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən WEB-sayt dörd bölmədən: beynəlxalq redaksiya heyətinin tərkibi, jurnalın tarixi, jurnalın cari sayları və xəbərlər bloku bölmələrindən ibarətdir. WEB-saytın təşkili bu gün artıq jurnalın beynəlxalq statusunu əks etdirir, həmçinin müəlliflər dairəsinin və jurnalın səhifələrində dərc olunan elmi ideyaların nüfuz edəcəyi informasiya məkanının sərhədlərini genişləndirməyə xidmət göstərir.

Rəna Abdullayeva

AMEA Memarlıq və İncəsənət İnstitutunun

«Kulturologiya» şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor,

jurnalın redaksiya heyətinin üzvü